Bakı Avropa İttifaqının (Aİ) nümayəndələri ilə nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət sahələrində əməkdaşlıqla bağlı konstruktiv danışıqlar aparmağa hazırdır. Bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "EurActiv" portalına müsahibəsində deyib.
“Biz iqtisadiyyatın inkişaf etdirilməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik, misal üçün, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət. Biz Aİ-dən olan dostlarımızla onların bu sahədə malik olduqları təcrübəni nəzərə alaraq davamlı və konstruktiv danışıqlar aparmaq istərdik”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, Aİ nümayəndələri də öz növbəsində bu iqtisadi diversifikasiyanı necə həyata keçirə biləcəyimizlə bağlı fikirlərini bölüşə bilərdilər. “Bu yaxınlarda Azərbaycanın postneft erası ilə bağlı yol xəritələri qəbul edildi. Növbəti illərdə iqtisadiyyatın diversifikasiyası Azərbaycan üçün ən ciddi prioritetlərdən biri olacaq”, - deyə F.İsgəndərov əlavə edib.
O vurğulayıb ki, respublika enerji sahəsinin inkişafına da böyük diqqət ayıracaq.*
R.Babayev