Bir neçə ölkə III Avropa Oyunları üçün öz namizədliyini irəli sürüb. Bunu Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Yanes Kosiyançiç deyib.
«Artıq bir neçə ölkə III Avropa Oyunları üçün öz namizədliyini verib. Biz hələ ki, onlar barədə məlumat verə bilmərik. Avropa Oyunlarını keçirə biləcək 60-dan artıq şəhər var", - deyə Y.Kosiyançiç bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
İcraçı prezident 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkə idmanının inkişafına, müasir idman infrastrukturunun yaradılmasına böyük investisiya olduğunu bildirib.
O, 2019-cu ildə Belarusda II Avropa Oyunlarının uğurla keçiriləcəyinə əminlik ifadə edib. «Azərbaycan Avropa Oyunlarını qəbul etmiş ilk dövlət oldu və Oyunları çox yüksək səviyyədə keçirdi. Minsk üçün Bakının uğurunu təkrarlamaq çətin olsa da, inanırıq ki, Belarusda da yarışlar yüksək səviyyədə keçiriləcək.
Y.Kosiyançiç əlavə edib ki, II Avropa Oyunlarını 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlığın vacib mərhələsi hesab etmək olar.
O qeyd edib ki, II Avropa Oyunları 12-14 idman növü üzrə keçiriləcək. “Ancaq artıq 26 idman növünün təmsil olunması üçün təkliflər var”, - deyə icraçı prezident vurğulayıb.*