2017-ci ilin əvvəlinə Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. 2016-cı il ərzində Fondun valyuta ehtiyatları 4% azalıb. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik. Fondun valyuta ehtiyatları 4% azalıb. Əgər bu məzənnə fərqi olmasaydı, biz o az səviyyəli tənəzzülə də uğramazdıq. Yəni, bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var”, - deyə İ.Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Dövlət başısının sözlərinə görə, Fondun valyuta ehtiyatlarının şaxələndirilməsi istiqamətində vaxtilə addımlar atılıb.
İ.Əliyev əlavə edib ki, böhrandan çıxmaq üçün ən asan yol valyuta ehtiyatlarını xərcləməkdir, lakin “biz illər boyu valyuta ehtiyatlarımızı qorumuşuq, yığmışıq”. “Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq”, - prezident vurğulayıb. **
A.Əzizov