2016-cı ildə miqrasiya qaydalarını pozmuş 5523 nəfər Azərbaycandan çıxarılıb. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
“2016-cı ildə 5523 nəfərin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı qərarlar qəbul edilib”, - deyə o qeyd edib.
F.Nəbiyevin sözlərinə görə, hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməsi ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub.
DMX rəisi əlavə edib ki, qanunsuz miqrantların sayı minimuma endirilib. “Hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə iş aparılır”, - deyə o vurğulayıb.*
R.Babayev