Azərbaycan prezidenti İlah Əliyev Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin tikintisinin 2017-ci ildə başa çatacağına ümid edir.
“Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır.Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir”, - deyə İ.Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident vurğulayıb ki, bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşıblar. “Baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər onlar (icraçılar - İF-Az) məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”, - deyə İ.Əliyev vurğulayıb.
Limanın tikintisinin podratçısı “Azərkörpü” ASC-dir. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. **
N.Abbasova