SOCAR yanğının baş verdiyi Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub. Xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Əməliyyat saat 00:58-də başa çatıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
SOCAR hadisənin səbəblərini araşdırır.*
N.Abbasova