“ASAN xidmət” toplanmış dövlət rüsumları hesabına büdcəyə 69 milyon manat ödəyib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib.
«Toplanmış dövlət rüsumları hesabına büdcəyə, ümumilikdə, 69 milyon manat, 2016-cı ildə isə 20 milyon manat ödənilib», - deyə o, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
İ.Kərimovun sözlərinə görə, 2016-cı ilin sonunadək “ASAN xidmət”ə edilən ümumu müraciət sayı 13 milyonu keçib, 12 milyon 369 min xidmət göstərilib.
“ASAN xidmət” mərkəzlərində 1 milyon 970 min şəxsiyyət vəsiqəsi, 715 min ümumvətəndaş pasportu verilib, 300 minə yaxın sürücülük vəsiqəsi dəyişdirilib.
“Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə 735 min, notariat sahəsində 1 milyon 865 min xidmət göstərilib. 82 minədək kommersiya hüquqi şəxsi qeydiyyata alınıb, əmlak məsələləri ilə bağlı 454 min xidmət göstərilib, 2016-cı ildə sahibkarlara 2605 lisenziya verilib”, - deyə Dövlət Agentliyinin sədri qeyd edib.*
R.Babayev