2016-cı ildə Azərbaycanda 9,48 min miqranta iş icazəsi verilib. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev deyib.
“2016-cı ildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9 min 480 nəfərə iş icazəsi verilib”, - deyə o, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
DMX rəisinin sözlərinə görə, 2016-cı il ərzində Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 143 min 951 nəfər təşkil edib.
“Ötən il 672 min 337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri verilib”, - deyə F.Nəbiyev qeyd edib.
O vurğulayıb ki, 2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır. Hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib.*
R.Babayev