Avropa Şurasının (AŞ) baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgəri Çinqiz Qurbanovun meyitini qaytarmağa çağırıb.
"Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram”, - deyə T.Yaqland bu gün yaydığı bəyanatda bildirib.
Avropa Şurasının baş katibi tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıb.
“Məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”, - deyə bəyanatda deyilir. **
A.Əzizov