Nazirlər Kabineti bir sıra mis məmulatlarının ixracı zamanı tətbiq olunacaq gömrük rüsumlarının dərəcələrini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycandan ixrac edilən saflaşdırılmış misdən məftil və prokat hazırlanması üçün biçmələr, digər saflaşdırılmış mis gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 dollardan az olmamaqla ixrac rüsum dərəcəsi tətbiq ediləcək.
Bundan başqa, hökumətin qərarı ilə mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillər gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac rüsum dərəcəsinə cəlb ediləcək.
Nazirlər Kabinetinin qərarına əsasən qeyd olunan mal növləri 9 fevral 2017-ci il tarixindən etibarən 5 il müddətində ixrac rüsum dərəcəsinə cəlb olunacaq.*
A.Əzizov