Yanvarın 16-da Pirallahı Sənaye Parkında Azərbaycan-İran əczaçılıq zavodunun təməli qoyulacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Yanvarın 16-da zavodun təməlqoyma mərasimi keçiriləcək. Mərasimdə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində İran nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.
Daha əvvəl iqtisadiyyat naziri Şahin Mustafayevə istinadən verilən məlumata görə, layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edir. Bu mərhələdə 84 çeşiddə dərman vasitələri, xüsusilə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır.*
A.Əzizov