Azərbaycanda e-ticarət vasitəsi ilə alınan mallara vergi 2017-ci il yanvarın 1-dən hesablanacaq. Bu barədə Vergilər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) vergi tətbiqinin 1 ay müddətinə təxirə salınması ilə bağlı verdiyi birgə şərhdə qeyd edilir.
"Vergi qanunvericiliyinə edilən dəyişikliklər 2017-ci il 1 yanvar tarixindən etibarən qüvvədədir və burada nəzərdə tutulan vergilər bu tarixdən etibarən hesablanmalıdır”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ABA və Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı texniki məsələlərin həll edilməsi istiqamətində sıx şəkildə əməkdaşlıq edir.
"Banklar tərəfindən qısa müddət ərzində qanunvericiliklə müəyyən olunmuş vergilərin hesablanması ilə bağlı müvafiq texniki məsələlər həll edildikdən sonra vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan iş və xidmətlərə görə onlara aparılan ödəmələr və qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrinə pul vəsaitlərinin köçürülməsi üzrə əməliyyatlar təhlil ediləcək, qanunla müəyyən olunmuş qaydada vergilərə cəlb edilməmiş əməliyyatlar üzrə vergilərin tam məbləğdə hesablanması və dövlət büdcəsinə ödənilməsi, habelə qanunla müəyyən olunmuş qaydada vergilərin hesablanması nəzərdə tutulmayan əməliyyatlar üzrə tutulmuş vergilər üzrə alıcılarla (müştərilərlə) yenidən haqq-hesab edilməsi təmin ediləcək", - deyə məlumatda qeyd olunur.*
A.Axundov