1 yanvar 2017-ci il tarixinə Azərbaycanda işləyən 33,94 min əcnəbi vətəndaş icbari sosial sığorta ayırmaları həyata keçirir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 21,7% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 6,078 min nəfər, o cümlədən dekabr ayı ərzində 207 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılıb.
Dövlət sosial sığorta sistemində fərdi hesabı olan əcnəbilərin 88,3%-ni kişilər, 11,7%-ni isə qadınlar təşkil edir.
Fərdi uçot sistemində ümumilikdə 124 ölkəyə aid əcnəbi şəxs qeydiyyatdadır. Onların arasında Тürkiyə (15 686 nəfər), Gürcüstan (3 285 nəfər) Rusiya (1 964) vətəndaşları çoxluq təşkil edirlər. Yəni sistemdə qeydiyyatda olan əcnəbilərin 61,7 faizi (20 935 nəfər) yalnız bu üç ölkənin payına düşür. Həmçinin fərdi hesabı olanlar arasında Özbəkistan (1817), Hindistan (1 454), İran (1 054), Çin (927), Banqladeş (880), Pakistan (720), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (683), Ukrayna (565), Türkmənistan (330), Filippin (309), ABŞ (297), Almaniya (273), Qazaxıstan (258), İtaliya (222) və s. ölkələrin vətəndaşları da var.
1 yanvar 2016-cı il tarixinə 27,868 min əcnəbi vətəndaş fərdi şəxsi hesaba malikdir.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların məcburi sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.*
N.Abbasova