2016-cı ilin yanvar-noyabr aylarında əhalinin xarici valyutada bank əmanətləri ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 23,3% - 6 mlrd. 175,3 mln. manata qədər və ya əhalinin bütün əmanətlərinin 81,2%-i səviyyəsində azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2015-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 85% təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ilin 11 ayı ərzində əhalinin bank əmanətləri 19,7% – 7 mlrd. 605,8 mln. manatadək azalıb.
AMB-nin məlumatına görə, yanvar-noyabr aylarında milli valyutada əhalinin əmanətlərinin həcmi 0,7% - 1 mlrd. 430,5 mln. manat və ya bütün əmanətlərin 18,8%-i səviyyəsində azalıb.
1 dekabr 2016-cı il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 648,6 mln. manat, qeyri-rezidentlərin - 957,2 mln. manat təşkil edib. Ötən ilin 11 ayı ərzində rezidentlərin əmanətləri 19,3%, qeyri-rezidentlərin əmanətləri 22,4% azalıb.
2016-cı il dekabrın 1-nə Azərbaycan banklarında əmanət və depozitlərin ümumi həcmi 22 mlrd. 651,2 mln. manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 3,3% azdır. Bununla belə, noyabrda banklarda əmanət və depozitlərin həcmi 423,8 mln. manat artıb.*
A.Axundov