Azərbaycan hökuməti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişikliklər edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Bu dəyişikliklər xarici donorlar tərəfindən yerli qeyri-kommersiya qurumları və fiziki şəxslərə qrantların verilməsi prosedurları üzrə “bir pəncərə” prinsipinin 1 yanvar 2017-ci il tarixindən etibarən tətbiqinin təmin edilməsinə yönəlib.
Dəyişikliklərə əsasən qrant müqavilələrinin qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilmə müddəti 15 gündən 30 günədək artırılıb.
Bundan başqa, dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini qeydə alan orqana donor tərəfindən 3 gündən deyil, 7 gündən gec olmayaraq təqdim olunacaq.
Qrantın qeydə alınması ilə məşğul olan dövlət orqanı yerli qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsini yoxlayacaq.
Xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda və ya qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə qrant müqavilələri qeydə alınmayacaq. Şərtlərə görə bir sıra hallarda xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin alınması tələb olunur.
Dəyişikliklərə əsasən təqdim edilmiş sənədlərdə qrantın qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər müraciət etmiş şəxsə qaytarılır və bu çatışmazlıqların aradan qaldırılması üçün 10 iş günü təyin edilir (hazırda 5 iş günüdür).*
F.İsazadə