Rusiya səfirliyinin Bakıdakı müşaviri Oleq Muraşov Azərbaycan mətbuatında Bakı və Moskva arasında əlaqələrə dair dərc olunan materialları müsbət qiymətləndirib.
“Biz burada, Azərbaycanda dərc edilən və yazılan məqalələrin əksəriyyətinin obyektiv xarakter daşıdığını qeyd edirik. Jurnalist peşəsinin necə ağır olduğu bizə məlumdur, və anlayırıq ki, bəzi stereotiplərin öhdəsindən gəlmək asan deyil. Azərbaycanla əlaqələrimizin inkişafını obyektiv şəkildə işıqlandırırsınız”, - deyə O.Muraşov bu gün Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiyanın Mətbuat günü ilə əlaqədar Azərbaycan jurnalistlərinin mükafatlandırma mərasimində bildirib.
Diplomat qeyd edib ki, 2017-ci ildə Rusiya-Azərbaycan münasibətlərinə toxunacaq bir sıra mühüm tədbirlər keçiriləcək.
“Düşünürəm ki, bu il, həmçinin dövlətlərimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı çox vacib tədbirlər keçiriləcək”, - deyə O.Muraşov vurğulayıb.
Daha sonra müşavir ikitərəfli əlaqələrin inkişaf prosesinin işıqlandırılmasına görə Azərbaycanın müxtəlif KİV nümayəndələrinə Rusiyanın Bakıdakı səfirliyinin fəxri diplomlarını təqdim edib.
O cümlədən, jurnalistlərə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin fəxri fərmanları təqdim olunub. **
R.Babayev