Nazirlər Kabineti Azərbaycana idxal edilən mülki aviasiya üçün reaktiv mühərriklər və sair avadanlıqların gömrük rüsumundan azad edilməsini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hökumətin qərarına uyğun olaraq mülki aviasiya üçün reaktiv və turboreaktiv mühərriklər,hidravlik sistemlər, hidravlik güc mühərrikləri və onların ehtiyat hissələri gömrük idxal rüsumundan azad ediləcək.
Digər sifarişçilər üçün bu malların idxalı zamanı 0,5% həcmində gömrük rüsumu tutulacaq.
Bundan başqa, hava nəqliyyat vasitələrində istifadə olunan oturacaqlar üçün 15% həcmində gömrük idxal rüsumları ləğv edilib.
Mülki aviasiya üçün Azərbaycana idxal ediləcək sürücü də daxil olmaqla, 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar, sürücü də daxil olmaqla, 120 nəfərdən az adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar da gömrük idxal rüsumunacəlb edilməyəcək.
Bu qərar “Azərbaycan Hava Yolları” QSC, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Mülki Aviasiya Administrasiyası arasında razılaşdırılıb.
Yeni rüsumlar 2017-ci il fevralın 12-dən qüvvəyə minəcək.*
N.Abbasova