Azərbaycan və Qətər birgə investisiya fondunun yaradılması məsələsini müzakirə edir. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Sözügedən məsələ iqtisadiyyat naziri Şahin Mustafayev və Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sainin görüşündə müzakirə edilib.
"Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparıblar. Nazir Qətər şirkətlərini fəal əməkdaşlığa dəvət edib. Qeyd edilib ki, Qətər iş adamları Sumqayıt Kimya Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edərək sənaye parkına investisiya yatıra bilərlər”, – deyə məlumatda bildirilir.
Səfir Yusif bin Həsən əl-Sai İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib.
Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın bu yaxınlarda Bakıda ilk iclası keçiriləcək, 11-14 fevral tarixlərində Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək.*
A.Axundov