2017-ci ilin Azərbaycanda"İslam Həmrəyliyi ili" elan edilməsi “Multikulturalizm ili”nin məntiqi davamıdır. Bu sözləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrəDövlət müşaviriKamal Abdulla deyib
2016-cı il Azərbaycanda “Multikulturalizm ili” olub.
“İslam həmrəyliyi əlbəttə ki, ancaq islam aləmi içində olan həmrəyliyi nəzərdə tutmur. İslam həmrəyliyi həm də islam aləmi ilə digər konfessiyalar arasında harmoniyanın təmin edilməsi deməkdir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Dövlət müşavirinin sözlərinə görə, islam həmrəyliyi ideyası bir neçə məna daşıyır. Birincisi, bu, islam aləmi daxilində - islam dövlətləri arasında həmrəyliyin inkişaf etməsi, ikincisi, islam aləmi ilə digər konfessiyalar arasında harmoniyanın təmin olunmasıdır.
K.Abdulla vurğulayıb ki, Azərbaycan bu gün haqlı olaraq islam aləmi və digər konfessiyalar arasında həmrəyliyin yaranması mərkəzi hesab olunur. “Bu siyasi-ideoloji addım bütün dünya üçün böyük əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.
Müşavir “Multikulturalizm ili”nin uğurlu olduğunu diqqətə çatdırıb.
«Bunu təmin edən ən mühm amil qarşıya qoyulmuş məqsədlərə nail olunmasında bütün xalqın yaxından iştirakı ilə bağlıdır. Bütün dövlət qurumları və idarələri Azərbaycanın dünya miqyasında bütün sahələrdə özünü ən yüksək səviyyədə təqdim etməsi üçün zəruri olan hər şeyi etdilər. Biz müxtəlif ölkələrdə Azərbaycan multikulturalizmi və reallıqlarından sərbəst şəkildə söz açaraq dövlətimiz haqqında həqiqətləri təbliğ edirdik», - deyə o vurğulayıb.
K.Abdulla əlavə edib ki, 15 ölkənin universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur, respublikanın bir çox regionlarında multikulturalizm yay və qış məktəbləri təşkil edilib.*
R.Babayev