2017-ci ildə Bakının ilkin daşınmaz əmlak bazarında qiymətlər bahalaşacaq. Bu barədə “AS Group Investment” Şirkətlər qrupu nəzdində Strateji Araşdırmalar Mərkəzinin apardığı araşdırmada deyilir.
«ABŞ dollarının manat qarşısında möhkəmlənməsi tikinti şirkətlərinin marjasını artıq minimuma endirib və onları iki seçim qarşısında qoyub: tikintinin keyfiyyətinə müdaxilə etmək və ya satış qiymətini qaldırmaq.Kəskin rəqabətə baxmayaraq, keyfiyyəti və etibarlı developer imicini üstün tutan tikinti şirkətləri bundan sonra da qiyməti artırmağa meylli olacaq”, - deyə araşdırmada qeyd edilir.
Mərkəzin məlumatına görə, Bakı şəhərinin mərkəzi və mərkəzinə yaxın ərazilərdə tikilən layihələrdə dekabrın sonuna 1m² orta qiyməti 1837 AZN təşkil edib.
Qiymət artımı isə əsasən tikintisi bitmək üzrə olan bəzi layihələrdə müşahidə olunur. Ümumilikdə, mərkəzə yaxın yerləşən digər layihələrdə qiymət artımı 50-300 AZN təşkil edib.
ABŞ dollarının manat qarşısında möhkəmlənməsi tikinti şirkətlərinin xərclərini artırır.
Mərkəzin ekspertlərinin qiymətləndirmələrinə əsasən dolların daha sərfəli investisiya alətinə çevrilməsi daşınmaz əmlak bazarına maliyyə axınını məhdudlaşdırır. Rusiyadan Azərbaycana valyuta axınında kəskin eniş də tələbə ciddi şəkildə təsir edir. İpoteka proqramının dayandırılması isə daşınmaz əmlak bazarında satışları daha da azaldacaq.*
A.Axundov