2016-cı ildə Bakı şəhər Prokurorluğunda 5,5 minə yaxın cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Bakı şəhər prokuroru Əziz Seyidov məlumat verib.
"Ötən il 5,481 min cinayət işinin istintaqı tamamlanıb. Onlardan 4,903 min işdaxili işlər, 578 iş isə prokurorluq orqanları tərəfindən araşdırılıb”, - deyə o, bu gün Bakı şəhər Prokurorluğunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Hesabat ilində Nərimanov rayonunda Janna və oğlu Aleksandr Məhərrəmovların, Nəsimi rayonunda Məryəm Named-zadənin, Yasamal rayonunda Kamran Mahmudovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri, o cümlədən ötən illərdən itkin düşmüş Elnur Hümbətovun Xəzər rayonunda qəsdən öldürülməsi cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.
2015-ci llə müqayisədə 2016-cı ildə qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib, həmçinin həmin kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub.
Bundan başqa, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb.
Ə.Seyidov əlavə edib ki, hesabat dövründə əmək, xidməti və icra intizamına əməl edilməsi sahəsində yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə vəzifədən azad olunub.*
R.Babayev