2016-cı ildə Azərbaycanda bank sektoru korrupsiyaya ən çox məruz qalan sahə olub. Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında deyib.
“Ötən il aidiyyatı məhkəmələrə göndərilən korrupsiya faktları ilə bağlı 201 cinayət işinin 52-si bank sektorunu təmsil edən şəxslər barəsində olub”, - deyə K.Əliyev bildirib.
Onun sözlərinə görə, tiinti və ticarət sahələri də korrupsiya faktlarına daha çox məruz qalan sektorlardır. “Belə ki, ötən il tikinti sektorunun nümayəndələri barəsində 17, ticarət sektorunun nümayəndələri barəsində 14 cinayət işinin materialları üzrə ibtidai istintaq yekunlaşıb”, - deyə o qeyd edib.
2016-cı ildə korrupsiyada ittiham olunan icra orqanlarının vəzifəli şəxsləri barəsində 10 cinayət işinin istintaqı başa çatıb. Təhsil sahəsi və “Azərenerji” ASC-nin nümayəndələri barəsində də 10 cinayət işi aidiyyatı məhkəmələrə göndərilib.
“Bələdiyyə nümayəndələri barəsində korrupsiya faktı ilə bağlı 7, sığorta sahəsində şalıçan əməkdaşlra barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Təhsil sahəsinə gəlincə isə, açılan cinayət işləri əsasən saxta diplomlarla əlaqədar olub. Bələdiyyələrin nümayəndələri barəsində açılan cinayət işləri torpaq məsələləri ilə bağlı idi”, - deyə K.Əliyev vurğulayıb.
O əlavə edib ki, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 11 vəzifəli şəxsi barəsində açılan cinayət işinin materialları üzrə istintaq tədbirləri həyata keçirilir. **
R.Babayev