2016-cı ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 32,3 mlrd. manat təşkil edib ki, bu da ötən ilin göstəricisindən 0,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ilində qeyri-neft sektorunda sənaye məhsullarının istehsalı 5% artıb, neft sektorunda isə 1,1% azalıb.
Ötən il məhsulun 65,4%-i mədənçıxarma bölməsində, 28,2%-i emal bölməsində, 5,6%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sənayesi bölməsində qida məhsulları istehsalı 4%, toxculuq sənayesində 2,7 dəfə, geyim istehsalı 41%, ağac emalı və ağac məmulatlarının istehsalı 10,8%, kağız və karton istehsalı 1,3%, poliqrafiya məhsullarının istehsalı 12,1%, hazır metal məmulatların istehsalı 24,9%, kompüter,elektron məhsul istehsalı 7,4%, elektrik avadanlıq istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17%, mebel istehsalı 9%, metallurgiya məhsullarının istehsalı 3% artıb.
Hesabat dövründə içki istehsalı10%, tütün məmulatların istehsalı13,4%, dəri və dəridən hazırlanan məmulatlar, ayaqqabı istehsalı 67,9%, kimya sənayesi məhsulları istehsalı 12,7%, rezin və plastik kütlə istehsalı 13,3%, tikinti materialları istehsalı 10,6%, maşın və avadanlıq istehsalı 14,9% azalıb.
2016-cı ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 0,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 0,7% azalma qeydə alınıb.*
A.Əzizov