SOCAR şirkəti (ARDNŞ) daxili bazarda $500 mln. ümumi məbləğdə korporativ istiqrazlar yerləşdirməyi planlaşdırır. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov mətbuat konfransında məlumat verib.
“$500 mln. ümumi məbləğdə korporativ istiqrazların bir neçə emissiyasını planlaşdırırıq. Bir emissiya çərçivəsində bazar bu həcmin öhdəsindən gələ bilməz. Emissiyaların müddəti və həcmi bazar və tələbatın fəallığından asılı olacaq”, - deyə S.Qasımov bildirib.
Onun sözlərinə görə, gələcək emissiyalar çərçivəsində SOCAR-ın dollar istiqrazları üzrə gəlirlilik 5% aşağı olacaq.
Şirkətin manat istiqrazlarının yerləşdirilməsinə dair planlarına toxunan S.Qasımov qeyd edib ki, bazarda müvafiq tələbatın olması halında bu cür əməliyyat mümkündür. “Lakin, hazırda Azərbayanda banklar manat depozitləri üzrə çox yüksək faiz dərəcələri təklif edirlər (illik 15-17% - İF-Az). Başa düşmək lazımdır ki, SOCAR bu cür yüksək faizlə, yəni 10%-dən artıq, manat istiqrazları üzrə dividendlər təklif edə bilməyəcək. Bu, bizim üçün məqsədəuyğun deyil”, - deyə S.Qasımov vurğulayıb. **
N.Abbasova