“DəmirBank” 2018-ci ilə qədər yeni biznes modelə keçid çərçivəsində yeniləşmə prosesini başa çatdırmağı planlaşdırır. Bu barədə bankdan məlumat verilib.
“Bazardakı, xüsusilə bank sektorundakı cari vəziyyət ölkənin kommersiya banklarından yeni yanaşma, biznes modellərini bu situasiyaya uyğunlaşdırmağı tələb edir.Fəaliyyəti əvvəlki yanaşma ilə davam etməklə bazardakı mövqeyi qorumaq, inkişaf etmək mümkün deyil”, - deyə məlumatda deyilir.
“DəmirBank” bu məqsədlə önəmli addımlar atıb. Xüsusilə, “DəmirBank” bank sektoru üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkətlərindən biri ilə əməkdaşlığı nəticəsində yeni biznes modelə keçid edir. Yeni biznes modelin tətbiqi kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Dəyişiklik daha çevik idarəetmə sisteminin, azpilləli (flat) təşkilati strukturun yaradılmasını nəzərdə tutur. Bundan başqa, bankın rəqəmsallaşdırılması müştərilərə bir çox bank əməliyyatlarını filiala getmədən həyata keçirmək imkanını yaradacaq.
Bundan əlavə müəyyən yeniləşmə və yenidənqurma prosesləri həyata keçiriləcək. “Nəticədə bankın bir sıra filialları müştəri məmnuniyyətinin artırılması məqsədilə rahatlıq baxımından şəhərin daha münasib yerlərinə köçürüləcək. Digər filiallar isə birləşərək tam fərqli konseptli xidmət mərkəzlərinə çevriləcəklər. Bunlardan bəziləri sırf kredit yönümlü filiallar olacaq ki, bankın pərakəndə şəbəkəsinin genişləndirilməsinə, potensial tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasına və daha çevik xidmətin göstərilməsinə töhfə vermiş olacaq. Yeni biznes modelin tətbiqi nəticəsində bir neçə yeni xidmət mərkəzinin də açılması nəzərdə tutulub”, - deyə məlumatda vurğulanır.
Yeni biznes modelin tətbiqi “DəmirBank”ın ümumi xidmət şəbəkəsini genişləndirmiş olacaq. Filialların yerləşməsi, yeni xidmət mərkəzlərinin açılmasına paralel olaraq, müştərilərə daha əlçatan olmaq üçün banka məxsus bankomatlar (ATM), ödəniş terminalları və valyutadəyişmə terminallarının sayı tədricən artırılır.
“Bankın strategiyasına əsasən qeyd olunan yeniləşmə və yenidənqurma prosesi 2017-ci ilin sonunadək yekunlaşacaq”, - deyə məlumatda qeyd edilir. **
A.Əzizov