Azərbaycan Çexiyaya kənd təsərrüfatı məhsullarının tədarükündə maraqlıdır. Bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Çexiyaya ixrac edə biləcəyimiz məhsulların siyahısını müəyyən etmək üçün təhlillər aparılıb. Bu, kənd təsərrüfatı məhsulları, o cümlədən fındıq, çay, tərəvəz, meyvə, pambıq, şərab və digər məhsullardır”, - deyə nazir qeyd edib.
Ş.Mustafayevin sözlərinə görə, əgər Azərbaycanda şərab istehsalçıları Çexiya bazarına maraq göstərsələr, nazirlik bu ölkəyə ixrac missiyası təşkil etməyə hazırdır.
Nazir həmçinin qeyd edib ki, Çexiya ilə sənaye, nəqliyyat, turizm sahələrində əməkdaşlıq perspektivləri var.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycanda 19 çex şirkəti fəaliyyət göstərir. Çexiya şirkətləri Azərbaycanın əsas kapitalına 1,3 mlrd. ABŞ dolları ümumi məbləğdə investisiya yatırıb. Çexiya bankları Azərbaycana müxtəlif layihələrə 1,8 mlrd. avro məbləğində kredit ayırıb. Bundan başqa, çex şirkətləri Azərbaycanda podratçılıar qismində $16 mlrd. ümumi məbləğdə layihələrdə iştirak edirlər. **
A.Axundov