Milli Məclisin vitse-spikeri Bahar Muradova Belarusda saxlanılan bloger Lapşinin Azərbaycana verilməsi məsələsinə müəyyən dairələrin yanaşmasını seçimli olduğunu hesab edir.
“Necə olur ki, digər ölkədə bu cür hərəkətlərə yol verən şəxsə öz maraqları çərçivəsində bir mövqe, söhbət Azərbaycandan gedəndə isə, tamamilə başqa mövqe nümayiş olunur”, - deyə B.Muradova Minskda saxlanılan bloger A.Lapşinin Bakıya ekstradisiyasına qarşı çıxış edən Rusiya XİN başçısı Sergey Lavrovun bəyanatına münasinət bildirərkən qeyd edib.
B.Muradovanın sözlərinə görə, Azərbaycan müxtəlif ölkələrlə ekstradisiya üzrə sazişlər imzalayıb və həmin sənədlərəin şərtlərinə əsasən özünün tələblərini irəli sürür.
“Müxtəlif ölkələrin nümayəndələri və dairələri tərəfindən səsləndirilən bəyanatlar və onlar tərəfindən buna mane olmaq cəhdləri sadəcə onların şəxsi fikri və mövqeləridir, o cümlədən ikili standartların ifadəsi kimi qəbul edilə bilər”, - deyə B.Muradova vurğulayıb ki, ekstradisiya məsələsi hüquqi müstəvidə həll olunmalıdır.
Ötən çərşənbə axşamı Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib ki, Moskva Belarusda saxlanılan A.Lapşinin Azərbaycan hakimiyyətinə verilməsinə qarşı çıxış edir. “Bu və ya digər dövlətdə saxlanılan Rusiya Federasiyası vətəndaşlarının üçüncü ölkəyə ekstradisisyasına qarşıyıq”, - deyə S.Lavrov bildirib. **
R.Babayev