Milli Məclisini vitse-spikeri Bahar Muradova Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı daha adekvat bəyanatlar gözləyir.
«Rusiyanın xarici işlər naziri S.Lavrov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaranmış vəziyyətə daha adekvat qiymət verməli idi», - deyə o, S.Lavrovun Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatların Azərbaycanın daxili işi olmaması barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov rusiyalı həmkarının bu çıxışına kifayət qədər aydın şəkildə reaksiya verib.
«Mən nazirimizlə tam razıyam. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sadəcə fikirlərin səsləndirilməsini deyil, real hərəkətlər də gözləyirik. Elə dostumuz və strateji tərəfdaşımız olan və nizamlanma prosesinə kömək etmək üçün böyük imkanlara malik olan Rusiyadan da», - deyə vitse-spiker vurğulayıb.
O bildirib ki, Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması işində aktiv deyil.
«Nəticənin olmaması bizi qane etmir. Bu, ədalətli mövqedir. Təkcə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çağırışlarla kifayətlənmək olmaz, bunun üçün real addımlar da atmaq lazımdır», - deyə B.Muradova vurğulayıb.*
R.Babayev