Dövlət Gömrük Komitəsi 2017-ci il fevral ayından etibarən Gürcüstan istiqamətində dəmir yolu ilə yük vaqonlarına qeyri-intruziv nəzarət texnologiyasını (nəqliyyat vasitələrini açmadan və ya boşaltmadan yükü yoxlamağa imkan verən texniki avadanlıq və aparatura) istifadəyə verəcək. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev cümə axşamı mətbuat konfransında bildirib.
“Bu sistem Rusiya istiqamətində - Yalama stansiyasında Azərbaycanın gömrük sərhədinin giriş və çıxışında dəmir yolunda artıq tətbiq olunur. Fevral ayından etibarən biz həmin sistemi Gürcüstan istiqamətində tətbiq edəcəyik. Bu sistemin tətbiqində hər şey yalnız gömrükçülərdən asılı deyil. “Azərbaycanm Dəmir Yolları” QSC ilə birgə həll olunan texniki məsələlər var. Lakin bütövlükdə bu proses artıq başa çatmaq mərhələsindədir”, - deyə A.Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında vurğulayıb.
Bu sistemin əsas üstünlüyü ondan ibarətdir ki, vaqonların dayandırılması və boşaldılmasına vaxt sərf etmədən onlarda təhlükəli yüklərin olub-olmamasını yoxlamağa imkan verir. **
N.Abbasova