Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvlərini Myanmada müsəlman əhaliyə qarşı zorakılığa qarşı biganə qalmamağa çağırıb.
“Çox təəssüf ki, Rohinqyada vəziyyət İslam dünyası üçün ciddi narahatlıq yaratmaqda davam edir və İƏT üzv dövlətlərindən vahid mövqe tələb edir. Biz Rakhine ştatında minlərlə müsəlmanı öz yurdlarından didərgin düşməyə məcbur edən ciddi zorakılığa və humanitar böhrana biganə qalmalı deyilik", - deyə E.Məmmədyarov Malayziyada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib.
Nazir bəyan edib ki, İslam dünyası ölkələri “ədalətli mövqeyinin müdafiə olunmasında qətiyyət göstərməkdə davam etməli və qeyri-müsəlman ölkələrində müsəlman qardaş və bacılarımızın hüquqlarını qorumalıdır”.
E.Məmmədyarov bildirib ki, bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir.
Onun sözlərinə görə, "bu, İslam həmrəyliyi üçün öhdəliyimizi yenidən təsdiq etməyin və ehtiyacı olanlara dəstəyi artırmağın zəruriliyini göstərir.” **
F.İsazadə