2017-ci ildə 5 min qutu barama toxumunun alınması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender keçiriləcək. Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bəyan edib.
İ.Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan ilə görüşüb.
“Nazir müavini 5 min qutu barama toxumunun alınması üçün KTN tərəfindən tender keçiriləcəyini nəzərə çatdıraraq Çin Şirkətlərinin də tenderdə iştirakını məqsədəuyğun hesab edib”, - deyə nazirliyin məlumatında deyilir.
İ.Quliyevin sözlərinə görə, ötən il Çindən alınan barama toxumunun yüksək səviyyədə məhsul verib.
Nazir müavini Qax Damazlıq – İpəkçilik Stasiyasının tam yenidən qurulması üçün Çin təcrübəsindən istifadə etməklə, rayonda müasir tipli zavodun tikilməsi və layihələndirilməsi üçün Çin mütəxəssislərini, həmçinin ixracyönümlü məhsullarımızın bu ölkəyə ixrac olunmasında maraqlı olan Çin şirkətlərini ölkəmizə dəvət edib.
İ.Quliyev Çinin baramaçılıq, çəltikçilik və çayçılıq sahəsində inkişaf etdiyini nəzərə alaraq bu sahələrdə əməkdaşlığa önəm verdiyini qonaqların diqqətinə çatdırıb və Çin Xalq Respublikası ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün mextəlif sahələr üzrə Anlaşma memorandumunun imzalanmasının vacibliyini söyləyib. **
F.İsazadə