"SOCAR Turkiye Enerji" şirkəti (SOCAR-ın törəmə strukturu) Türkiyədə yeni neft-kimya müəssisəsinin yaradılması imkanını nəzərdən keçirir. Bu barədə şirkətin baş direktoru Zaur Qəhrəmanov Türkiyənin “Dünya” qəzetinə müsahibəsində bildirib.
«Biz neft-kimya sahəsində (Türkiyədə - İF-Az) yeni imkanları nəzərdən keçiririk. Bu, birgə müəssisə də ola bilər. İstənilən halda biz yeni investisiya qoyuluşları həyata keçirməyi (bu sahəyə - İF-Az) planlaşdırırıq . «STAR» NEZ istismara verildikdən sonra zavod böyük həcmdə xammal istehsalına başlayacaq. Biz bu xammalı ya xammal kimi satacaq, ya da yeni neft-kimya istehsalı yaradacağıq. Biz bu məsələni öyrənirik», - deyə o qeyd edib.
Z.Qəhrəmanov deyib ki, SOCAR hər il "Petkim" neft-kimya kompleksinin inkişafına $150 mln. yatırır. «Bu qoyuluşlar olmadan Türkiyə bazarında “Petkim”in payı 17%-dən 10%-dək azalardı», - deyə “SOCAR Turkiye Enerji”nin rəhbəri vurğulayıb.
O əlavə edib ki, SOCAR Türkiyədəki layihələrinə $18,5 mlrd. sərmayə yatıracaq.
«Bu günədək Türkiyə iqtisadiyyatına $9,5 mlrd. vəsait qoyulub. Qalan məbləğ 2020-ci ilin sonunadək yatırılacaq. Biz 4-5 illik deyil, uzun müddət bu ölkədə olacağıq. Türkiyə lirəsinin ucuzlaşması planlarımıza təsir göstərməyəcək», - deyə Z.Qəhrəmanov qeyd edib.*
N.Abbasova