Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Belə bəyanatla prezident İlham Əliyev çıxış edib.
«Münaqişənin həlli çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir», - deyə dövlət başçısı yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında çıxışı zamanı bildirib.
Prezident İ.Əliyev qeyd edib ki, Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır.
Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi idi. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdılıb.*
R.Babayev