Cibuti Respublikasının Milli Assambleyası (parlamenti)Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Əddis-Əbəbədəki səfirliyindən daxil olmuş məlumata əsasən, parlamentin plenar iclasında soyqırımının tanınmasına dair qətnamə səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul olunub.
Qətnamə Cibuti Respublikasının Milli Assambleyasının spikeri ilə görüş zamanı parlamentin sədri Məhəmməd Əli Huməd tərəfindən səfir Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb.
Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş qətliam soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi tanınır, günahkarların müvafiq beynəlxalq alətlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilir.
Qətnamədə Ermənistanın təcavüzünün qurbanları olan bir milyondan artıq Azərbaycanlının taleyi və böhranlı vəziyyəti, eləcə də humanitar problemlərin miqyasından dərin narahatlıq ifadə olunur, beynəlxalq ictimaiyyət münaqişənin həllinə maksimum töhfə verməyə çağırılır.*
R.Babayev