Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Dövlət başçısı İlham Əliyev tərəfindən ixracın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının 2 dəfə artırılması vəzifə olaraq müəyyənləşdirilib”, - deyə nazirlikdən qeyd ediblər.
Artıq 54 məhsul - emal məhsulları, o cümlədən ət və süd məhsulları, meyvə-tərəvəz, bal, şərabçılıq məhsulları üzrə təhlillər aparılıb və ixracının artırılması üçün tədbirlər görülür.
“İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. 2016-cı ildə bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib”, - deyə məlumatda deyilir.
İxracın genişləndirilməsi çərçivəsində təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. “Bundan başqa, Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib”, - deyə nazirliyin nümayəndəsi bildirib. **
A.Əzizov