Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında “Məşğulluq və sosial siyasət sahəsində əməkdaşlıq haqqında Niyyət Məktubu” imzalanıb. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Niyyət Məktubu Avstriyanın Əmək, Sosial iş və İstehlakçıların Müdafiəsi üzrə Nazirliyi və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında əlaqələrin qurulması və genişləndirilməsi ilə bağlı əldə olunmuş razılığa əsasən imzalanıb”, - deyə məlumatda bildirilir.
Niyyət Məktubunda məşğulluq və sosial siyasət sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcəkdə bu sahələr üzrə birgə layihələrin icrası, habelə strateji sənədlərin hazırlanmasına və qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə dəstəyin göstərilməsi əksini tapır.
Sənəddə, həmçinin Mərkəz tərəfindən təşkil olunan seminarlarda nazirlik əməkdaşlarının iştirakı, onların aidiyyəti sahələr üzrə biliklərinin artırılması və s. kimi əməkdaşlıq formaları əhatə olunub.*
R.Babayev