Xəzəryanı dövlətlər Xəzər dənizinin sülh, əmin-amanlıq, sabitlik və təhlükəsizlik zonası kimi qorunması üçün fəaliyyəti davam etdirməlidir. Bunu Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun Bakıda keçirilən iclasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Biz əminik ki, tərəflər arasındakı etimad tədbirləri bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyinə xələl yetirməməli, onlar üçün bərabər təhlükəsizlik mühitini təmin etməli, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsinə töhfə verməli və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət etməklə bütün Tərəflərin maraqlarını nəzərə almalıdır. Biz Xəzər dənizinin bundan sonra da sülh, əmin-amanlıq, sabitlik və təhlükəsizlik zonası kimi qorunması üçün birgə və etimadlı fəaliyyəti davam etdirməliyik", deyə o bildirib.
Nazir müavini qeyd edib ki, işçi qrupunun iclasında müzakirə olunacaq məsələlər qarşılıqlı faydalı əməkdaşlığın təmin olunmasına yönəlib. “Ümid edirəm ki, bütün məsələlər danışıqlar prosesi çərçivəsində, qəbul olunmuş beynəlxalq təcrübə əsasında və beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq, Xəzəryanı ölkələrin suveren hüquqlarına hörmət edilməsi və Tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll ediləcək”, - deyə X.Xələfov əlavə edib.*
F.İsazadə