Milli Məclisin yaz sessiyasında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə Aqrar siyasət komitəsinin bugünkü iclasında komitə sədri Eldar İbrahimov deyib.
“Milli Məclisin yaz sessiyasında, daha dəqiq desək, may ayında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq”, - deyə E.İbrahimov bu gün komitənin iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı qanun 2001-ci ildə qəbul olunsa da, müasir zamanın tələblərinə cavab vermir.
“Demək olar ki, həmin qanun işləmir. Buna görə, yeni qanunun qəbuluna ehtiyac yaranıb. Qeyd olunan qanun layihəsi üzərində fəal iş aparılır”, - deyə E.İbrahimov qeyd edib.
O əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi qanunun redaktəsi üzərində çalışır. “Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə komitəsinin ekspert qrupu qanun üzərində işləyir. Qanunun may ayı ərzində hazır olacağı gözlənilir", - deyə E.İbrahimov vurğulayıb. **
R.Babayev