Bakı və Tehran arasında əməkdaşlıq bölgə üçün böyük önəm daşıyır. Azərbaycan prezidenti İlham Əliyev buna əmindir.
İ.Əliyev yanvarın 25-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Bakı və Tehran arasında ikitərəfli əlaqələr bütün sahələrdə çox yaxşı inkişaf edir. Bu əlaqələr ölkələrimiz, xalqlarımız və eləcə də bölgə üçün böyük önəm daşıyır. Son illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurur”, - deyə dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirir.
Prezident Qərbi Azərbaycan vilayətinin valisinin Azərbaycana səfərinin və keçirəcəyi görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd etdi.
Q.Səadət Qarabağ kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi.
Valinin sözlərinə görə, bu məqsədlə Bakıda müvafiq qurumlarla görüşlər keçirəcək. **
F.İsazadə