Azərbaycan gömrük orqanlarının əməkdaşları iki fakt üzrə külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
«Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul və Bakı-Moskva aviareysləri ilə getmək istəyən Türkiyə Respublikası və Rusiya Federasiyasının vətəndaşlarından bəyan edilməmiş 55,3 min ABŞ dolları aşkar ediblər», - deyə məlumatda bildirilir.
Türkiyə Respublikasının vətəndaşına məxsus bel çantasında sellofan paketə yığılmış geyim əşyalarının arasında olan üç ədəd corabın içərisindən 234 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 23.400 ABŞ dolları aşkar edilib. Şəxsi yoxlama zamanı isə həmin vətəndaşın şalvarının cibindən 16 ədəd, paltosunun cibindən isə 33 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 4900 ABŞ dolları aşkar olunub.
Öz növbəsində, Rusiya Federasiyasının vətəndaşına məxsus çamadanın yoxlanılması zamanı, orada olan gödəkçənin cibindən 260 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26.000 ABŞ dolları aşkar edilib. Bundan sonra isə vətəndaş özü şalvarının cibindən 10 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginasları çıxararaq təqdim etməli olub.*
F.İsazadə