Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı razılıq əldə olunub. Bu barədə ASK-nın mətbuat xidmətinin məlumatında deyilir.
ASK-nın prezidenti Məmməd Musayev bu gün Bakıda Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabaği ilə görüşüb.
«İqtisadi, ticarətəlaqələrinin müzakirə olunduğu görüşdə gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı razılığa gəlinib», - deyə məlumatda bildirilir.
M.Musayev Azərbaycan-İran ticarət əlaqələrinin inkişafından, bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində ölkəmizdə böyük potensialın olduğundan söhbət açıb. O, qonaqları Belarusda yaradılan Azərbaycan ticarət evi ilə də sıx əməkdaşlıq etməyə dəvət edib.
Vali Qurbanəli Səadət Qarabaği Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğundan söhbət açıb. O bildirib ki, Qərbi Azərbaycan vilayətində sahibkarlıq fəaiyyəti ilə məşğul olan iş adamları Azərbaycanlı sahibkarlarla birgə əməkdaşlıq edərsə, üçüncü ölkələrə asanlıqla məhsul ixrac etmək olar.
Vali M.Musayevi Qərbi Azərbaycan vilayətinə səfərə dəvət edib.*
F.İsazadə