Azərbaycan nümayəndə heyəti fevral ayında İranın bir sıra regionlarına səfər edəcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ ilə görüşüb.
«Görüşdə Azərbaycan nümayəndə heyətinin fevral ayında İranın bir sıra regionlarına nəzərdə tutulan səfərinə dair müzakirələr aparılıb», - deyə məlumatda bildirilir.
Ş.Mustafayev bildirib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib. Dövlət başçıları tərəfindən qarşıya qoyulmuş vəzifələr yerinə yetirilir, energetika, tranzit, infrastruktur və s. sahələrdə əlaqələr genişlənir.
«2016-cı ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70%-ə yaxın artıb», - deyə nazir qeyd edib.
Qurbanəli Səadət Qarabağ iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən bir sıra kənd təsərrüfatı məhsullarının birgə istehsalı, emalı və ixracı imkanlarını qeyd edib.*
F.İsazadə