“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Nəsimi” tankeri əsaslı təmirdən çıxıb. Bu barədə gəmiçiliyin məlumatında deyilir.
13 min ton yükgötürmə qabiliyyətinə malik gəminin “Zığ” Gəmi Təmiri Zavodunda keçən ilin dekabrında başlayan əsaslı təmiri 24 saatlıq növbəli iş prinsipi əsasında həyata keçirilib.
“Tankerin gövdəsi, baş və köməkçi mühərrikləri, bütün sistemləri (yük, ballast, soyutma, yağlama sistemləri və s.) yüksək keyfiyyətlə təmir olunub. Radio və naviqasiya cihazları, göyərtə mexanizmləri, xilasedici avadanlıqlar və digər qurğular saz vəziyyətə gətirilib”, - deyə məlumatda bildirilir.
Dəniz sınaq yoxlanışından uğurla çıxan “Nəsimi” tankeri növbəti 5 il üçün istismara tam hazırdır.
Tanker Xəzərdə istismar ediləcək, Rusiya, Qazaxıstan və Türkmənistan istiqamətində neft və neft məhsulları daşıyacaq.*
N.Abbasova