Milli Məclisin Əmək və sosial siyasət komitəsi fevralda “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanuna ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan dəyişiklikləri müzakirəyə çıxarmağı planlaşdırır.
«Fevral ayında ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması ilə bağlı məsələni müzakirəyə çıxaracağıq. Bu, vətəndaşların sağlamlığının təmin olunmasına yönələn çox vacib məsələdir», - deyə komitə sədri Hadı Rəcəbli bildirib.
Bununla belə, o, dəyişikliklər barədə ətraflı məlumat verməyib.
Bundan başqa, komitə parlamentin yaz sessiyasında “Turizm haqqında” qanunun yeni redaksiyasını müzakirəyə çıxarmağı planlaşdırır. «Bu sənəd Milli Məclisin mart ayında keçiriləcək plenar iclasında müzakirə olunacaq», - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, komitə "Repatriasiya haqqında" qanun layihəsinin hazırlanması məsələsinə qayıda bilər.
«Qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması dövlətin prioritetidir. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpasına vəsaitin ayrılması haqqında sərəncamı bu istiqamətdə ilkin soraqdır. Buna görə də "Repatriasiya haqqında" qanun layihəsi yenidən xüsusi önəm kəsb etməyə başlayır», - deyə H.Rəcəbli vurğulayıb.*
R.Babayev