"KPMG Azerbaijan Limited" MMC “Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin 2016-cı il üçün maliyyə hesabatının auditini keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“"KPMG Azerbaijan Limited” AİF-in 2016-cı il üçün maliyyə hesabatının auditoru seçilib. Yanvarın 19-da MMC ilə müvafiq müqavilə bağlanıb", - deyə məlumatda bildirilir.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.*
A.Əzizov