Kiyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məsələsində Azərbaycanın təcrübəsində maraqlıdır. Bunu Ukraynanın sosial siyasət naziri Andrey Reva deyib.
"Azərbaycanın 20 ildən çox əvvəl üzləşdiyi problemlər bu gün Ukrayna üçün də çox aktualdır. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məsələsində Azərbaycanın təcrübəsi Ukrayna üçün olduqca dəyərlidir", - deyə o, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşdə bildirib.
Ukraynalı nazir qeyd edib ki, Azərbaycanın dövlət orqanları qaçqınların problemlərinin həllinə effektiv yanaşıblar. "Əgər Ukraynada məcburi köçkünlər ölkə ərazisində hərəkət edərək, daha sonra Donbasa qayıtmaq imkanına malikdirsə, Azərbaycanda məcburi köçkünlər üçün bu, mümkün deyil. Azərbaycanın dövlət orqanları bu məsələyə çox effektiv yanaşıblar. Buna görə də respublikanın bu istiqamətdəki təcrübəsi bizim üçün qiymətlidir", - deyə o vurğulayıb.
A.Reva əlavə edib ki, Ukrayna və Azərbaycan ərazi bütövlüyü məsələsində bir-birinə qarşılıqlı dəstək göstərir. "Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində rəsmi Bakının mövqeyini qiymətləndiririk. Ukrayna hökuməti də Azərbaycanla bağlı eyni mövqedədir",- deyə o bildirib.*
F.İsazadə