Azərbaycan hökuməti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdacaq sakinlərin məşğulluq məsələsini həll edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
"Sakinlər Cocuq Mərcanlı kəndinə qayıtdıqdan sonra sosial sığorta və məşğulluq məsələsi aktual olacaq. Bu məsələlər yaxın rayonun resursları hesabına həll ediləcək",- deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Nazirin sözlərinə görə, bu kateqoriyaya daxil olan şəxslərin sosial təminatı ilə bağlı heç bir problem yaranmayacaq.
Qeyd edək ki, 190-dan çox ailə ötən ilin aprel döyüşlərindən sonra yaşamaq üçün təhlükəsiz olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq istədiyini bildirib. Aprel döyüşlərinədək Lələ Təpə işğal altında idi və kənd istənilən an vurula bilərdi. Lələ Təpə azad ediləndən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşamaq imkanı yarandı.
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpasına 4 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastruktur inşa olunacaq.*
F.İsazadə