“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər minimum pensiya məbləğinin tətbiqini nəzərdə tutur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçiriləcək iclasında qanuna dəyişikliklərin layihəsi müzakirəyə çıxarılacaq.
"Layihə “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyasına uyğun olaraq hazırlanıb”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, dəyişikliklər minimum pensiya məbləğinin tətbiqini nəzərdə tutur. "Biz qanuna yeni element – minimum pensiya məbləği elementini daxil edirik. Əgər pensiya hesablanarkən onun məbləği minimum pensiya məbləğindən çox olarsa, işçiyə iş stajından asılı olmayaraq pensiya təyin olunacaq. Əks halda staja baxacağıq. Əgər işçinin 25 illik stajı varsa, biz sistemin vəsaitləri hesabına ona mimimum pensiya təyin edəcəyik", - deyə S.Müslümov qeyd edib.
O əlavə edib ki, nəticədə hazırda pensiyanın təyin edilməsi üçün tələb olunan minimum 12 illik sığorta stajı ləğv olunur.
Nazir vurğulayıb ki, “əmək pensiyasının baza hissəsi” anlayışının ləğv edilməsi də nəzərdə tutulur. "Bunun nəticəsində pensiya sistemi tamamilə sığorta prinsiplərinə keçir. Pensiya işçinin fərdi hesabında yığılmış vəsaitlər əsasında təyin olunacaq”, - deyə nazir bildirib.*
F.İsazadə