2016-cı ildə Azərbaycanda 26,6 mindən çox cinayət törədilib. Bu barədə daxili işlər naziri Ramil Usubov ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verib.
“Ötən il respublikada 26,611 min cinayət qeydə alınıb”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, bu cinayətlərin 85,4%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, 14,6%-ni ağır və xüsusilə ağır növlər təşkil edib.
R.Usubov qeyd edib ki, ötən il cinayətlərin ağır və xüsusilə ağır növləri 2015-ci illə müqayisədə 1,8%, qəsdən adam öldürmə və ona cəhdlər 13,4%, quldurluqlar 21,8%, soyğunçuluqlar 3,8%, odlu silahla törədilən cinayətlər 37%, ictimai yerlərdə baş verən cinayətlər 12,7%, avtonəqliyyat vasitələrinin qaçırılması 17,5%, yol-nəqliyyat hadisələri 9,6%, qəzalarda ölənlərin sayı 15,1%, yaralananların sayı isə 11,6% azalıb.
“Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilərək 323 cinayətin açılması təmin edilib”, - deyə o əlavə edib.
Nazir vurğulayıb ki, nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1,268 cinayət “isti izlərlə” açılıb, 9,289 min hüquqazidd əməlin qarşısı alınıb.*
R.Babayev