“Azərbaycan Hava Yolları” (AZAL) QSC fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək. Bu barədə QSC-nin məlumatında deyilir.
Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan (GYD) uçuş saat 11:05–də, Gəncə Beynəlxalq Aeroportuna (KVD) eniş saat 12:05-də olacaq. Gəncədən uçuş isə saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş saat 14:05-də həyata keçiriləcək.
Eyni zamanda Bakıdan Qəbələyə uçuş saat 16:30–da, Qəbələ Beynəlxalq Aeroportuna (GBB) eniş saat 17:25-də olacaq. Qəbələdən isə uçuş saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş saat 19:10-da həyata keçiriləcək.
Daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyənləşdirilib.*
N.Abbasova